Xocalı soyqırımının
otuzuncu ildönümü ərəfəsində Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar
Usubovdan aldığımız müsahibəni oxuculara təqdim edirik.- Cənab başçı, bildiyimiz
kimi, Xocalı soyqırımının otuzuncu ildönümü ərəfəsindəyik. İstəyirəm Xocalı
soyqırımı şahidi kimi suallarımı cavablandırasınız. Xocalının işğalı bədnam
qonşularımızın növbəti işğal planlarının həyata keçirilməsi yolunda düşmənlər
üçün əhəmiyyəti nədən ibarət idi?
- Azərbaycan xalqına
qarşı indiyə kimi mənfur qonşularımız dəfələrlə soyqırım aktı həyata keçiriblər. Biz bədnam
qonşularımızın sonuncu yadda qalan soyqırım aktınının otuzuncu ildönümünü
haqqında danışırıq. Hamıya məlumdur ki, Xocalı Dağlıq Qarabağda böyük yaşayış məntəqələrini
birləşdirən yolda yerləşir. Yeganə hava limanı da Xocalıda idi. Xankəndini
Ağdamla birləşdirəcək dəmir yolu Xoca-lıdan keçirdi. Xocalı nəqliyyat şəbəkəsinin
birləşdiyi yerdə yerləşirdi. ermənilərin strateji işlərini, hərbi cinayətlərini,
işğal planlarını həyata keçirmək üçün Xocalını aradan götürməli idi.
O vaxt dövlətçiliyin
olmaması, rəhbərlikdə gedən çəkişmələr düşmənlərin bu məqsədlərinə çatmalarına
səbəb oldu. Azərbaycan Respublikasında dövlətçiliyin olmadığı, ölkədə hərcmərcliyin
baş alıb getdiyi vaxtda ermənilər dinc əhaliyə divan tutmaqla özlərini
dırnaqarası qəhrəmanlaşdırdılar. Onların babalarının etdiyini nəvə-nəticələri
Xocalıda yenidən davam etdirdi. Xocalı soyqırımı XXI əsrdə dünyanın gözü qarşısında
ermənilərin törətdiyi ən dəhşətli və ən sonuncu qətliamdır.
Onlar daim dinc əhaliyə zülm etməklə özlərini
dırnaqarası qəhrəmanlaşdırmaq yolunu seçiblər. Heç bir zaman, nə döyüşdə, nə də
idman yarışlarında bizə qalib gələ bilməyiblər. Ancaq onların pis məqamda
arxadan vurmaqda, dinc əhaliyə divan tutmaqda səriştələri var. Bunları da
havadarlarının köməkliyi ilə bacarıblar.
Özlərini ermənilər
dünyaya gələn ilk millət, xristianlığı ilk qəbul edən və yayan, ilk əlifbası,
ilk dövlətçiliyi olan millət kimi tanıtmağa çalışırlar. Dünyanın bütün ölkəsində
olan mənəvi dəyərlərə mənimdir deyən millətdir. Amma məlumdur ki, bunların heç
nəyi olmayıb. Özgənin olanı özününküləşdirməkdə mahirdirlər.
- Xocalı soyqırımının dördüncü
ildönümündə Ulu öndər Heydər Əliyev Xocalı sakinlərinin bir qrupu ilə görüş
keçirmişdir. Bu görüşün soyqırıma məruz qalmış, müsibətlər çəkmiş xocalılar
üçün mənəvi dəyərini necə ifadə edə bilərsiniz?
- Ulu öndər Moskvaya gedəndən
sonra Azərbaycan Respublikası sahibsiz
qaldı. Daim hakimiyyət böhranı, tez-tez bir-birini əvəzetmələr, dəyişmələr
oldu. 3-4 ilin içində 5 hakimiyyət dəyişdi. Necə ki, indi Ermənistanda yaranan
vəziyyət kimi. Bu da yerlərə təsir etməyə başladı. Yerlərdə o vaxtkı rəhbərlikdən
bir kömək görməyən şəxslərə təsir edirdi. Bakıda hər rəhbər dəyişdikcə cəbhə
bölgəsində rəhbərlər də dəyişilirdi. Döyüşlər gedə-gedə Ağdamda 1990-1993-cü
illərdə 5 icra başçısı dəyişdirildi. Respublikada müdafiə sistemi qurulmamışdı,
yerlərdə də özünümüdafiəni təşkil etməyə imkan vermirdilər.
Bütün bu özbaşınalıqların
nəticəsi öz təsirini Xocalıda da göstərdi və səriştəsiz hakimiyyətin ucbatından
Xocalıda soyqırım aktı törədildi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışı xocalıların çoxdankı arzusu idi. Hələ 1992-ci il Xocalı soyqırımından bir neçə gün sonra Xocalı sakini Şükür Bəşirov Ağdamda keçirilən mitinq zamanı hakiyyətə
Heydər Əliyevin qayıtmasının vacibliyini vurğulamışdı. O, qeyd etmişdi ki, əgər
Heydər Əliyev hakimiyyətə qayıtmasa, Xocalının ardınca Şuşa və Laçın da işğala
məruz qalacaq. Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra xocalılar özlərinə mənəvi
dayaq tapdılar. O vaxta kimi rəhbərlər xalqla görüşmürdü. Çünki onların görəcəyi
iş yox, bacarıqları, idarəetmə qabiliyyəti yox idi. Xalq qazsız, işıqsız, çörəksiz
qalmışdı. Dahi şəxsiyyətin qayıdışından sonra xocalılar təskinlik tapdı.
Xalqımız sabaha ümidlə baxdı. Bundan sonra bir millət kimi yaşaya, bir dövlət
kimi formalaşa biləcəyimizə, müstəqilliyimizi qoruyub-saxlaya biləcəyimizə
inandı. Azərbaycan xalqı öz istəyinə çatdı. Soyqırım qurbanlarının analarını,
övladlarını qəbul etmək, onlarla görüşüb dərdlərinə şərik olmaq onlara sahib
çıxmaq, arxa-dayaq olmaq deməkdir. Bölgələrdə köçkünlərlə yerli camaat arasında qarşıdurma
vəziyyətləri yaranmışdı. Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı
ikinci daxili vətəndaş müharibəsindən qurtardı. "İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir" deyən xalqımızın Ümummilli lideri qaçqın və məcburi küçkün həyatı yaşayan soydaşlarımızın taleyində də önəmli dönüş yaratdı.
- Vətən müharibəsində
Xocalı cəlladları da məhv edildi. Beynəlxalq Təşkilatların yerinə yetirmədiyi
işi Müzəffər Ordumuz yerinə yetirdi. Ali Baş Komandanımızın qələbə müjdələri,
torpaqlarımızın işğaldan azad edilməsi, şəhidlərimizin qisaslarının alınması xəbəri
rayon sakinlərində yaratdığı sevinc hissi necə idi?
Sual olunmalıdır ki, biz
qisasımızı almışıq, yoxsa hələ almamışıq. Nə qədər ki, ermənilər bizim Qərbi Azərbaycan
torpağını tutublar, biz qisasımızı tam almamışıq. Yaxın dövrün qisasını
almışıq. Biz Kəlbəcərə qayıtmışıq. Alagöldən baxanda mənim ata-baba yurdum
görünür. Biz bu günləri itirdiyimizin bir qismini qaytarmışıq. Mübarizəmiz,
amalımız davam edir. Cənab Prezidentimizin qeyd etdiyi kimi bu günə olan işimizin
birinci mərhələsini yekunlaşdırmaq üzrəyik. Bugünkü işimizi reallaşdırmaq, ərazi
bütövlüyümüzü dünyada tanıtdıqdan sonra qalan ideyalarımızı da həyata keçirəcəyik.
Nə qədər ki, qaraçı tayfası bizim qonşumuzdur, bizim xalqa dinclik yoxdur. Düşmən
nə vaxtsa yenə baş qaldıracaq. Ona görə biz işimizi davam etdirməliyik və
amalımız da bu olmalıdır ki, Bütöv Azərbaycanı bərpa edək.
- Cənab Prezidentimiz
çıxışlarında bildirirdi ki, hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə, öz əməli ilə yaxınlaşdırmalıdır. Biz xalq olaraq bu amalımıza
çatdıq. Ancaq bundan sonra Bütöv Azərbaycan uğrunda çalışmalıyıq. Bunun üçün
Prezident İlham Əliyevin siyasəti ətrafında sıx birləşməyimiz, xalq olaraq həmrəy
olmağımız vacibdir.
- Bəli, biz bu daim
arzularımızı etməliyik, bu ideologiyanı indiki və gələcək nəsillərə çatdırmalıyıq.
Bu istiqamətdə iş aparmalıyıq. Yolumuz Qarabağa idi, o yolu açdıq, sabah da, Zəngəzur,
Dərələyəz, Göyçə, İrəvan yolunu açmalıyıq. Biz qorxmamalıyıq, çəkinməməliyik. O
yerlərə özümüzünkü olaraq getməliyik. Mən necə Xocalıya qayıtmayım, atamın qəbri
ordadır. Mən necə Xankəndinə qayıtmayım. Keçən əsrin 30-40-cı illərinə kimi
orada erməni olmayıb...
- Şükürlər olsun ki, bu
gün keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıdırlar. Xocalılar da
Ağdamın Şəhidlər Xiyabanında dəfn edilmiş əzizlərinin viran edilmiş qəbirlərini
ziyarət edirlər. Erməni barbarlığını bütün işğaldan azad edilmiş torpaqlarımızda
görmək mümkündür.
- İlkin siyahıya görə 613 Xocalı soyqırımı şəhidi var. Ancaq
bugünkü siyahıda 630-a yaxın Xocalı soyqırımı şəhidi var. Çünki sonradan məlum
olmayan şəhidlərimizin adları da sənədləşdirilərək siyahıya daxil edilib.
Ağdamda Şəhidlər Xiyabanının
salınmasında və şəhidlərimizin dəfn edilməsində mən yaxından iştirak etmişəm.
Ağdam Məscidinin arxa tərəfində
yuyat yeri var idi. Xocalı soyqırımının ilk günündə Ağdamda olan Bakıdan gələn
bütün rəhbər işçilər qaçıb getmişdi. Camaatın başı ağlaşmağa, qışqırmağa
qarışmışdı. Qəbirləri qazmaq üçün kömək topladım. Həmin yer dolandan sonra
“Uzundərə” qəbiristanlığında şəhidlərimizi dəfn etdik. 613 Xocalı soyqırımı şəhidindən
335 nəfərinin meyiti dəfn edilib. Qalanlarının meyitləri meşələrdə, çöllərdə
qaldı. Meyitləri gətirilən 40-a qədər şəhidimiz respublikanın ayrı-ayrı yerlərində
dəfn edildi. Ağdamda - Şəhidlər Xiyabanında və “Uzundərə” qəbiristanlığında
300-ə qədər şəhidimizi dəfn etmişik. “Uzundərə” qəbiristanlığı hələ minalardan
təmizlənməyib. Bununla bağlı müraciət etmişik. Ağdamın Şəhidlər Xiyabanına
ziyarətlər təşkil edilir, “Uzundərə” qəbiristanlığına da getməliyik.
Ayrı-ayrılıqda qəbirləri
tapmaq çətindir. Onların hər biri bizim üçün əzizdir. Şəhidlərimizin adlarının
qeyd olunması ilə Memorial Kompleks Abidəsinin qurulması ən doğru yol olar
fikrimcə. ermənilərin barbarlığı açıq hava muzeyi kimi saxlanılaraq bütün dünyaya nümayiş etdirilməlidir.
- Xocalı soyqırımının
otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidenti 28 yanvar 2022-ci
il tarixli Sərəncam imzalamışdır. Rayonumuzda bununla bağlı hansı Tədbirlər
Planı nəzərdə tutulub?
- Xocalı Rayon İcra
Hakimiyyəti Aparatı Cənab Prezidentin Sərəncamına əsasən, Tədbirlər Planı
hazırlamışdır. Karantin qaydalarına əməl olunmaqla tədbirlərimizi keçirdəcəyik.
Rayonumuzun təhsil, mədəniyyət ocaqlarında Xocalı soyqırımının otuzuncu
ildönümü ilə bağlı silsilə tədbirlər keçiriləcək, yaddaşımızı təzələyəcəyik.
Xocalı soyqırımı abidələrini, şəhidlərimizin məzarlarını ziyarət edəcəyik.
Vətəndaş olaraq, Xocalı
müsibətlərini yaşamış, qəlbində, yaddaşında daim o ağrılar qalan insanlar kimi
bunları etmək bizim borcumuzdur.
Biz istəyirik ki, öz torpağımıza
qayıdaq. Abidələrimizi öz torpağımızda ucaldaq. Xocalı qurub-yaradaq. İnşallah
Cənab Prezidentimizin rəhbərliyi altında ona da nail olacağıq. Hər şeyi zaman həll
edir. 30 ildə beynəlxalq təşkilatların həll etmədiyi məsələni Ali Baş Komandanımızın
qətiyyəti ilə Azərbaycan Ordusu 44 gündə həll etdi. Onun rəhbərliyi altında
xalqımızın birliyi torpaqlarımızı azad etdi.
Vətən müharibəsində biz də
cəbhə bölgəsində məskunlaşmış insanlar kimi öhdəmizə düşən vəzifələri, vətəndaşlıq
borcunu yerinə yetirdik. Demirəm igidlik etdik, hər kəs öz vətəndaşlıq borcunu
yerinə yetirsə, elə bu igidlikdir. Bu gün bir Azərbaycan vətəndaşı kimi, bir
Xocalı sakini kimi, bir rayonun rəhbəri kimi qürur hissi duyuram ki üstümüzdə
olan qara buludun bir hissəsini götürdük. İnşallah qələbələrimiz davamlı
olacaq. Biz buna layiq xalqıq. Biz heç kimdən, heç nə istəmirik, özümüzə aid
olanı özümüzə qaytarmaq istəyirik.
- Müsahibə üçün təşəkkür
edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
- Amin.
Qalib BƏYMƏMMƏDOĞLU,
“Xocalının səsi” qəzetinin
redaktoru